Empatiya nədir?

Empatiya – son zamanlar psixiatriya və psixologiyada tez-tez istifadə olunan anlayışdır. İstər psixiatriya, istərsə də psixologiyanın müxtəlif sahələrində, xüsusilə, klinik və sosial psixologiyada, eləcə də inkişaf, konsultasiya, təhsil və ünsiyyət psixologiyası sahələrində empatiya ilə bağlı geniş araşdırmalar aparılmışdır.

Yaxşı, bəs tez-tez istifadə olunan bu anlayışın tam olaraq mənası nədir? Ümumiyyətlə, “empatiya” anlayışı haradan qaynaqlanır?

Empatiya – insanın, özünü qarşısındakı insanın yerinə qoyaraq, onun duyğu və düşüncələrini doğru şəkildə anlamasıdır. İlk baxışdan sadə görünən bu anlayışın arxasında bir çox nəzəri biliklər dayanır, bəlkə, elə buna görə də bu terminin elmə gəlməsi bir az zaman alıb.

Tarixi

Bu gün istifadə etdiyimiz “empatiya” termininin iki qaynağı var: Bunlar alman dilində “einfühlung” və qədim yunan dilindəki “empatheia” terminləridir. 1909-ci ildə Titçener “eninfühlung” terminini qədim yunan dilindəki “empatheia” terminindən istifadə edərək İngilis dilinə “empathy” olaraq tərcümə etmişdir. Yunanca “em” içinə “patheia” isə qəbul etmə mənasını verir. Beləliklə, “empatiya” anlayışı psixologiya və psixiatriyada öz yerini tutmuşdur.

Müasir dövrdə “Empatiya” deyiləndə ağla ilk olaraq Karl Rocers (Carl Rogers) və onun bu sahədəki araşdırmaları gəlir. Psixoterapiya sahəsində empatik ünsiyyət qurma bacarığı ilə məşhurlaşmış Rocresin adı daima “empatiya” anlayışı ilə yanaşı çəkilir.

Karyerası boyunca empatiyanı müxtəlif formalarda təsvir edən Rocersin 70-ci illərdə əldə etdiyi empatiya anlayışı bu gün bir çoxumuzun istifadə etdiyi bir anlayışa çevrilmişdir. Qatı xüsusiyyətlər daşımayan bu təsvir, ümumi cizgiləri ilə belədir: Bir insanın özünü qarşısındakı şəxsin yerinə qoyaraq hadisələrə onun prizmasından baxması, o insanın duyğularını və düşüncələrini düzgün anlaması və bu durumu ona çatdırması hadisəsinə “empatiya” deyilir. (K.Rocers 1970 və 1983)

Əsasları

Empatiya anlayışı üç əsas elementdən ibarətdir:

1. Empatiya quracaq şəxs, özünü qarşısındakı insanın yerinə qoymalı, hadisələrə onun dünyagörüşü ilə baxmalıdır. Bir sözlə empatiya qurmaq istəyən şəxsin qarşısındakı insanın “Şəxsi Ünsiyyət Zonasına” girməsi vacibdir.

Əgər bir insanı anlamaq istəyiriksə, dünyaya onun baxış tərzi ilə baxmalı, hadisələri onun kimi qəbul etməyə və yaşamağa çalışmalıyıq. Bunu reallaşdırmaq üçün empatiya qurmaq istədiyimiz şəxsin roluna girməli, onun yerinə keçərək hadisələri bir növ onun gözləri ilə görməliyik.

Qarşımızdakı şəxsin roluna girərək empatiya qurduğumuzda, o şəxsin rolunda qısa bir müddət qalmalı, daha sonra bu roldan çıxaraq öz yerimizə keçməliyik. Əks halda empatiya qurmuş sayılmırıq. Qarşımızdakı şəxslə eyniləşmək və ya ona simpatiyası olmaq empatiya ilə fərqli-fərqli şeylərdir. Empatiya qurmağa çalışdığımız şəxsin roluna girərkən, sanki “o şəxs kimi” düşünməyə və hiss etməyə çalışmalıyıq.

2. Empatiya qurmuş hesab olunmağımız üçün qarşımızdakı şəxsin duyğularını və düşüncələrini düzgün analmağımız vacibdir. Empatiyanı təsvir edərkən bu məqamı vurğuladığımızda, onun iki əsas anlayışından – koqnitiv (idrak) və duyğusal komponetlərindən söhbət açmışdıq. Qarşımızdakı şəxsin roluna girərək onun nə düşündüyünü anlamağımız idrak xüsusiyyətli, nə hiss etdiklərini eynilə bizim də hiss etməyimiz isə duyğusal xüsusiyyətli fəaliyyətdir.

3. Empatiya anlayışındakı son element isə empatiya quran şəxsin fikrində əmələ gələn empatik anlayışı qarşısındakı insana çatdırma davranışıdır. Qarşımızdakı şəxsin duyğularını və düşüncələrini tam olaraq anlasaq belə, əgər bunu həmin şəxsə ifadə edə bilməsək, empatiya qurma müddəti natamam qalacaqdır.

Araşdırmalar göstərir ki, insanların düşüncələrində qurduqları empatiya ilə qarşılarındakı insana çatdırdıqları empatiya duyğuları arasında fərqlər var. (Lanotti 1975, Barrent-Lennard 1981, Cekson 1987)

Bu fərqin, xüsusilə, uşaqlarda daha çox nəzərəçarpan olması diqqəti cəlb edir. Borkeyə (1971) görə uşaqlar qarşılarındakı insanın duyğu və düşüncələrini doğru şəkildə başa düşmələrinə rəğmən, bunu onlara izah etməkdə çətinlik çəkirlər.

Uşaqlar kimi biz böyüklər də qarşımızdakı insanın duyğu və düşüncələrini doğru olaraq anlasaq da, uyğun empatik reaksiya verməkdə, yəni daxilimzdə olan duyğu və düşüncələri izah etməkdə çox vaxt çətinlik çəkirik. Məsələn, deyək ki, bir dostumuzun əhvalı pisdir. Özümüzü onun yerinə qoyub, nə hiss etdiyini anlayırıq. Onun duyğularını içimizdə hiss edə bilirik. Amma sıra bu vəziyyəti ona izah etməyə gələndə isə, heç bir şey olmamış kimi güləmsəyərək “fikir vermə, düzələr” deyə bilirik. Bu onu göstərir ki, üzümüzdəki ifadə ilə içimizdə yaşadığımız duyğular arasında fərq var. Belə olduqda doğru empatiya qururuq, lakin bunu qarşımızdakı insana çatdıra bilmirik.

Qarışımızdakı insanlara empatik reaksiya verməyin 2 əsas yolu var:

1) Jest və mimikalarımızdan istifadə edərək onu anladığımızı göstərmək.

2) Sözlərimizlə onu başa düşdüyümüzü izah etmək.

Empatik reaksiya verməyin ən təsirli yolu isə, təbii ki, bunların ikisini birlikdə etməkdir.

Empatiya və Simpatiya arsındakı fərq

Gündəlik nitqimizdə “simpatiya” sözünü tez-tez işlədirik. Lakin “empatiya” sözü hələ də gündəlik lüğətimizə daxil olmayıb. Bəzi hallarda isə insanlar bu iki fərqli anlayışı bir-biri ilə qarışıq salır.

Simpatiya – bir şəxsə rəğbəti olmaq, həmin insanın sahib olduğu duyğu və düşüncələrin eynisinə sahib olmaqdır. Yəni qarşımızdakı insana qarşı simpatiyamız varsa, onunla birgə kədərlənir və ya sevinirik. Empatiya qurduğumuzda isə əsas olaraq şəxsin duyğu və düşüncələrini anlamalıyıq. Özümüzü simpatiyamız olan adamın yerinə qoymağımız və onu anlamağımız vacib olmadığı kimi, empatiya qurduğumuz insanla eyni düşüncə və dünyagörüşə sahib olmağımız da vacib deyil, sadəcə olaraq onun duyğu və düşüncələrini başa düşməyə çalışırıq, vəssalam. Bir insanı “anlamaq”, “duymaq” (empatiya) ayrı, onun “tərəfində olmaq”, ona “haqq vermək” (simpatiya) isə tamam ayrı anlayışlardır.


Posted

in

,

by

Tags:

Comments

Yorum bırakın

WordPress.com’da Blog Oluşturun.